Mənə de - və mən yaddan çıxarım,
Mənə göstər- və mən yadda saxlayım,
Məni cəlb et – və mən öyrənim.
(Çin hikməti)
FƏAL (INTERAKTIV) TƏLIM TEXNOLOGIYALARIN ZƏRURƏTİ
Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya– kommunikasiya dövründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək, əslində qeyri-mümkün işə çevrilir. Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri bilikləri müstəqil əldə etməyə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda, şəxsiyyətyönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla , şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq.
Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal(interaktiv) təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir.
Dünya təcrübəsi göstərir ki, fəal(interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır.
Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq 7 ildən çoxdur ki, həyata keçirilir. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində fəal(interaktiv) təlimin tətbiq edilməsi təhsil islahatının əsas məqsədlərindən biridir. Fəal(interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradaraq Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramında göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma prinsiplərini həyata keçirməyə imkan verir.
Son illərdə respublikamızda çox müəllim fəal (interaktiv) təlim üsulu ilə tanış olmuşdur, müəllimlərdə fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə toplanmış, əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır.
Keçirilən monitorinqlər göstərdi ki, fəal (interaktiv) təlim metodlarını həyata keçirərkən müəllimlər aşağıdakı problemlərlə rastlaşırlar:
- Yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar ,
- Müəllimlərin yenilikləri həyata keçirilməsində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, tədris materiallarına və digər metodiki məlumat mənbələrinə ehtiyacları artır.
Fəal (interaktiv) təlim üzrə müəllimlər üçün məlumatın və müasir tədris təcrübənin yayılması tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir. Təqdim olunacaq web-saytın vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır.
Biz əminik ki, fəal (interaktiv) təlimin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq.
Bizimlə əlaqə saxlamaq üçün zveysova@yahoo.com elektron ünvanına müraciət edə bilərsiz.
|