Ana səhifə | Fəal təlim haqqında | Materiallar | Ədəbiyyat və resurslar | Layihələr | İslahatlar | Lüğət | Forum | Əlaqə


Fəal (interaktiv) təlim haqqında





Fəal (interaktiv) təlim nədir?

“Fəal (interaktiv) təlim” şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.

Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem – dialoji”, “problemli”, “evristik təlim” anlayışlarındanda istifadə olunur.

Fəal(interaktiv) təlim metodu yuxarıda göstərilən müasir prinsiplərə əsaslanan təlimdir.

Fəal(interaktiv) təlim – tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

  • müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
  • problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
  • şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

    Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.

    Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir.Şagirdlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.

    Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

    Fəal (interaktiv) təlim metoduna aşağıdakı spesifik xüsusiyyətlər malikdir:

  • Təlimin subyekt- subyekt xarakter daşıması,
  • Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
  • İştirakçıların bütün dərs zamanı fəallığı,
  • Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi,
  • Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi,
  • Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi,
  • Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması,
  • Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət;
  • Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.

    Fəal (interaktiv) dərs ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir, fəal (interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

    Nə üçün fəal (interaktiv) təlim?

  • Fəal (interaktiv) təlim şagirdlərə nə verir?

    Fəal(interaktiv) təlimin əsas üstünlüyü - real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır.

    Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir.

    Fəal (interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

    Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar:

  • şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına;
  • təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsənilməsi sayəsində.

    Təlimin səmərəliliyinin artırılmasının səbəb-nəticə əlaqələri aşağıdakı sxemdə göstərilir.

    Fəal (interaktiv) təlimin tətbiq edilməsi məktəbdə şəraiti dəyişərək şagirdlərin özünə inamını artırır, şəxsiyyətarası münasibətləri yaxşılaşdırır, məktəbə və oxumağa olan münasibəti daha müsbət edir, biliklərə müstəqil yiyələnmək və yenilərini əldə etmək, onlardan həyat məqsədlərinə çatmaq üçün istifadə etmək vərdişlərini formalaşdırır.

    Təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində həmçinin:

  • bilikləri daha müstəqil, sərbəst qavranılır və mənimsənilir,
  • məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalaşdırılır,
  • elmi -tədqiqat vərdişləri formalaşdırılır,
  • qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.

    Beləliklə, fəal (interaktiv) təlimin zəruriyyəti birinci növbədə ondan ibarətdir ki, şəxsiyyətdə belə bir qabiliyyətlərinin formalaşdırılması daim dəyişən şəraitə uyğunlaşma və onun həyata effektiv daxil olmasına imkan yaradır.

  • Fəal (interaktiv) təlim müəllimlərə nə verir?

    Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu müəllim üçün dərsin keyfiyyətini artırmaq üçün vacib bir vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interaktiv) təlim həm təlimin məzmunun öyrənilməsini, həm də bu məzmunun tətbiqini daha səmərəli edir, şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Şagirdlərin öyrənməyə həvəsi və nailiyyətləri artdıqca, müəllimin də fəaliyyəti yüngülləşir. Lakin bu o demək deyil ki, müəllimin zəhməti azalır. Fəal/interaktiv dərsin hazırlanması müəllimdən planlaşdırma mərhələsində daha çox zəhmət tələb edir.

    Fəal(interaktiv) təlimin üstünlüklərinə baxmayaraq, müəllim ənənəvi (izahedici-illüstrativ və reproduktiv) metodlardan istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn, müəllim bacarıq və vərdişlərin formalaşması məqsədini qoyursa, o daha çox reproduktiv (təkrarlama və model üzrə iş) metodu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni anlayış və məlumatları bilməyi tələb edirsə bu zaman ənənəvi izahedici-illüstrativ metod daha şox səmərə verə bilər. Lakin ənənəvi dərsin gedişində də interaktiv elementləri (düşündürücü suallar vermək, cütlüklərdə qısa fikir mübadiləsi etmək, müşahidə olanları şərh etmək və s.) salmaq mümkündür və məqsədəuyğundur.