Fəal(interaktiv) təlim
“Fəal (interaktiv) təlim” şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem – dialoji”, “problemli”, “evristik təlim” anlayışlarındanda istifadə olunur.
Fəal(interaktiv) təlim metodu yuxarıda göstərilən müasir prinsiplərə əsaslanan təlimdir.
Fəal(interaktiv) təlim – tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Motivasiya
Fəal dərsin birinci mərhələsi “motivasiya” adlanır. Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Fəal dərsin ən mühüm və mürəkkəb mərhələlərindən biri motivasiyadır.Fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran idrak motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı çıxış edir.
Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni bilgilərin kəşfinə aparan bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. Fəal təlimin 1-ci mexanizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur. Dərsin bütün sonrakı gedişi motivasiyanın nə dərəcədə uğurla yaradılması və həyata keçirilməsindən asılıdır.
Fasilitasiya
Fəal təlim zamanı müəllimin bələdçi rolunu müəyyən edən əsas funksiyası fasilitasiya adlanır (ing. fasilitation – münasib şəraitlərin yaradılması). Fasilitasiya ümumi tədris məqsədinə nail olmağa yönəlmiş, birgə fəaliyyətə əsaslanan yeni liderlik tipidir.
Fasilitasiya aşağıdakılara:
müəllim və şagirdlərin birgə əməkdaşlığına;
onların qarşılıqlı hörmət və etibarına;
şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən daim dəstəklənməsinə;
şagirdlərin qabiliyyətlərinə inama;
şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaradılmasına;
onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşmasına əsaslanır.
Fasilitasiya yanaşması şagirdlərin idraki və yaradıcı tələbatlarının tam ödənilməsinə, onların özünürealizə edilməsinə yönəlmişdir.
Fasilitasiya – qrupda diskussiyanın təşkili, fəallaşdırılması, səmərəli yönəltmə prosesidir. Fasilitasiya prosesinin xüsusiyyəti ondan ibarətdir ki, dərsdə məlumatı fasilitator deyil, qrup çatdırır.
Fasilitator şagird tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirir. Fasilitatorun mövqeyi, onun əsas funksiyası – fikrin təhrik edilməsi və onun lazım olan istiqamətə yönəldilməsidir.
Refleksiya
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Təlim prosesinin refleksiyasını işə salmaq üçün müəllimin şagirdlərə, onları yeni bilginin kəşfinə gətirib çıxarmış təlim hərəkətlərinin alqoritmini (addımları) izləməyə kömək edə biləcək bir neçə sual verməsi kifayətdir (məsələn: Biz kəşfə necə gəlib çıxdıq? Biz nə edirdik? Qarşıya qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s). Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini və komponentlərini , nailiyyət qazanmaq üçün amilləri dərk etmiş olur.
Qrup şəklində iş
Qrup şəklində iş - bu, kiçik qrupda (3-6 nəfərdən ibarət) bir neçə şagirdin hansısa problemin həllinə yönəldilmiş birgə, uzlaşdırılmış fəaliyyətidir. Təlimin qrup forması fəal təlim şəraitindəki işin əsas formalarından biridir. Qrup şəklində təlim “müəllim-şagird” dialoqundan imtina edilməsini və “müəllim-qrup-şagird ”üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur. Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də:
hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;
hər bir uşağa öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir;
şagirdlərin problemin həllində müxtəlif baxışların, yanaşma və üsulların mövcudluğunu,
öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi və qiymətləndirilməsi üçün əlverişli şərait yaradır.
Bu da öz növbəsində, bütün sinfin təlim prosesində öz bacarıqlarını həyata keçirməsi və nümayiş etdirməsi, özünə inamın artması, özünü tamdəyərli şəxsiyyət kimi dərk etməsi, problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması prinsipini mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir. Qrupda iş eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır.
Qrup şəklində təlimin müxtəlif differensiasiya formaları mövcuddur. Bir halda, sinif tərkibcə kiçik və çevik qruplara bölünür və onların hər biri təlim materialına müxtəlif üsullarla yiyələnir. İkinci halda, qruplar eyni bir problemi müxtəlif materiallar əsasında öyrənir, onu müxtəlif nöqteyi-nəzərlərdən qiymətləndirirlər. Bundan əlavə, qruplarda işin təşkilinin 3 variantını fərqləndirmək olar:
1. Bütün qruplar müxtəlif təlim materialı əsasında tapşırılmış mövzu üzərində işləyirlər.
2. Əgər material mühüm əhəmiyyət kəsb edirsə və ya qruplar bölüşdürülmək üçün kifayət qədər böyük deyildirsə, onda bütün qruplar ondan eyni vaxtda bəhrələnirlər.
3. Qruplar ardıcıl surətdə bir-birlərini əvəzləməklə eyni bir material əsasında işləyirlər (rotasiya metodu).
Cütlük şəklində iş
İşin bu forması zamanı şagirdlər cüt-cüt işləyirlər ki:
1. Hər hansı bir tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir-birinə kömək etsinlər,
2. Öz işlərinin (sinif və ya ev tapşırıqları) nəticələri barədə fikir mübadiləsi aparsınlar,
3. Qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirsinlər.
Bu hallarda zəruridir ki, şagirdlərin müxtəlif nöqteyi-nəzərlərinin müqayisəsi və əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi (güclü çütlük – zəif şagird) tələb olunur. Cütlük şəklində iş şagirdlərin bir-birlərinin baxışlarını daha yaxşı başa düşməsinə, əməkdaşlıq etməsinə, bir-biriləri qarşısında öz məsuliyyətlərini dərk etməsinə imkan yaradır.
Açıq və qapalı suallar.
Qapalı suallar – konkret cavabı olan suallardır. Məsələn, «Siz bilirsinizmi ki?», «Nə?», «Harada?», «Nə vaxt?» kimi suallara yalnız bir konkret cavab və ya "Bəli" ("Xeyr") cavablarını almaq olar. Qapalı suallara misal: "Siz bunu bilirsiniz?"
Açıq suallar bir neçə mümkün cavabı ola bilən suallardır və onlar əsasən «Nə üçün?», «Nəyə görə?», «Necə?» və s. sözlərlə başlayır. Açıq sualların nümunələri: «Siz bunun haqqında nə bilirsiniz?», "Nə üçün bunun haqqında çox bilmək istərdiniz?", «Bu necə baş verir?» və s.
|