Fəal/interaktiv təlim metodunun tətbiqi Azərbaycanın təhsil üzrə islahatının mərkəzindədir. Fəal/interaktiv təlim metodu 1999-cü ildə Azərbaycan Respublikasının Təhsil İslahatı layihəsinin prioritetlərinə daxil olunmuşdur. Bu metod şagirdlərin təlim nailiyyətlərinin artırılmasında mühüm rol oynayır.
Tədris prosesinə fəal/interaktiv təlimin metodlarının daxil edilməsi Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramında göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma prinsiplərini həyata keçirməyə imkan verir. Fəal/interaktiv təlimin həyata keçirilməsi Azərbaycanın intellektual potensialının qurulmasına və inkişafına şərait yarada bilər.
Fəal/interaktiv təlim sistemi şagirdə yönəldilmiş, inkişafetdirici, qabaqlayıcı, əməkdaşlıq, qrup təlimi və s. prinsiplərə əsaslanan təlim metodlarından istifadəsini və bu prinsiplərə uyğun olaraq təlim-tərbiyə prosesinin aşağıdakı komponentlərini yenidən baxılmasını nəzərdə tutur:
- Yeni tədris plan və proqramların işlənib hazırlanması və tətbiqi;
- Təlim-tərbiyə prosesinin təşkili;
- Öyrədici mühitin təşkili;
- Şagirdlərin nailiyyətlərinin və təlim prosesinin qiymətləndirilməsi;
- Şagirdlərin şəxsiyyət kimi inkişafına dair proqramlarının həyata keçirilməsi.
Fəal/interaktiv təlim sistemin təlim-tərbiyə prosesində tətbiq edilməsi XXI əsrdə gələcək nəsillərə vacib olan bir sıra qabiliyyətlərin formalaşması üçün məktəbdə şərait yaradacaq.
Keçirilən tədqiqatlar göstərir ki, axır illərdə Azərbaycanda müəllimlər və məktəb rəhbərliyi tərəfindən fəal/interaktiv təlimin əhəmiyyətinin dərk edilməsi artıb və daha çox müəllim bu metodları öz peşəkar fəaliyyətində tətbiqini arzulayır, onlarda bu sahədə öz bilik və bacarıqların təkmilləşdirilməsi ehtiyacı yaranıb. Bunun üçün fəal/interaktiv təlim üzrə peşəkar treninqlərin keçirilməsinin genişləndirilməsi tələb olunur.
Azərbaycanda fəal/interaktiv təlim metodunun tətbiqinin gücləndirilməsi, geniş və keyfiyyətli tətbiqinin təmin olunması üçün aşağıdakılar vacibdir:
- Fəal/interaktiv təlim üzrə milli siyasətin formalaşması və bu siyasətin həyata keçirilməsi mexanizmlərin hazırlanması;
- Fəal/interaktiv təlim üzrə pedaqoji kadrların hazırlanması;
- Fəal/interaktiv təlimin elmi-metodiki, maddi və məlumat bazasının möhkəmləndirilməsi və inkişafı;
- Fəal/interaktiv təlim üzrə ən yaxşı təcrübələrin və əldə olunan nailiyyətlərin yayılması;
- Fəal/interaktiv təlimi tətbiq edən məktəblərin və müəllimlərin arasında əməkdaşlığın gücləndirilməsi.
|